Yaşamağa dəyər!

Bu gün Azərbaycan ictimai fikir tarixində heç bir önəminə görə fərqlənmir: bəlkə də kiminsə – tarixin istiqamətini dəyişən hansısa sərkərdənin, sivilizasiyanı min il irəli atan hansısa dahi ixtiraçının, hansısa böyük şərin, qüdrətli xeyirin… bu günə bir bağlılığı ola bilər. Söhbət Azərbaycandan gedirsə, bu tarixin ictimai önəmini yada salacaq faktı xatırlamaqda çətinlik çəkirəm. Amma…

Dünən bütün xəbər portalları belə bir müjdəni paylaşmağa tələsdilər: bu gündən başlayaraq, hava nisbətən sərinləşəcək.

Müqəddəs ramazan ayının ilk günlərindəcə oruc tutan müsəlmana bundan gözəl xəbər nə olar bilərdi? Sanki Ramazan başlar-başlamaz müsəlmanların oruc tutmaq üçün şərait istəmə duaları qəbul olundu. Və düşündüm ki, tarixlərin heç birini bizlər yaratmırıq: zamanı və vaxtı yaradan onun necəliyini – əlamətdarlığını, ya qeyri-əlamətdarlığını – özü müəyyənləşdirir. Heç bir önəm daşımayan, adidən-adi, sıradan bir gün adi və sıradan bir statistika ilə gözlənilmədən insanın və ya toplumun xüsusi dəyər verdiyi tarixə çevrilə bilər – lap elə bu gün kimi. Bu günün dəyəri də mənim onu yaşatmaq və tarixiləşdirmək istəyimdəndir.

Əslində, «adi tarix» anlayışı da subyektivdir. Kiminçünsə adi olan bir tarix digəri üçün əvəzolunmaz, həyat əhəmiyyətli fakta çevrilə bilər. Bu baxımdan bu günün, məsələn, mənimçün sıradan bir tarix olmadığı şübhəsizdir. Amma bu günün kütləviləşməsi konkret təbiət hadisəsinin boynuna düşür – hələlik. Niyə «hələlik?»

Çünki dünyanın gedişatını dəyişən, insanların inamını və inancını formalaşdıran hansısa peyğəmbərin hansısa ilin bu günündə anadan olması faktına niyə etiraz edirsiniz? Niyə olmamalıdır? Müqəddəs kitabda 124 min peyğəmbərin dünyaya göndərildiyi deyilmirmi? Yəni bu 124 min peyğəmbərin bircəciyi bu gün anadan olmayıb?

Yəqin ki, olub və vaxtın hansısa dönəmində bu tarix qutlanıb da! Ancaq bir müddətdən sonra bu tarix sonuncu inanclı adamını da itirib və adicə bir gün kimi təqvimin qara rəqəmlərindən birinə çevrilib.

Düzdür, bu ilin bu günü müsəlmanların oruc tutma, ibadət etmə yükünü əhəmiyyətli dərəcədə azaldacaq bir olayla əlamətdar olacaq, amma tarixə keçməyəcək.

Deməli, təkcə kiminsə doğulması, hansısa hadisənin baş verməsi də kifayət deyil. Məsələn, hətta Xirosima və Naqasaki faciələrini əks etdirən tarix də əvvəlki ağırlığında deyil – o faciənin sonuncu qurbanı tarixə çevriləndən sonra bu tarixlər bütün ağırlıqlarını ictimai fikirdən götürüb, tarix kitablarına çəkiləcəklər: vəssalam!

Bir tərəfdən alqışlanasıdır: çünki bəşər yaranandan belə tarixləri zamana və dövrə bölmədən tariximizə yükləsəydik, indi il boyu işləmirdik, hər rəqəmi dəfələrlə, qatbaqat qızardılmış QIRMIZI TƏQVİMİMİZİN girovuna çevrilmişdik – hər gün onlarla hadisənin ildönümünü qutlamaq üçün burdan-ora, ordan-bura axışırdıq.

Görünür, tarix – heç bir halda ictimai deyil, fərdi anlayışdır. Məsələn, 9 may – Böyük Vətən Müharibəsi iştirakçılarının və qaliblərin bayramıdır və nə qədər ki, onlar yaşayır, bu bayramın da təntənəsi olacaq. Elə ki, İkinci Dünya Savaşının sonuncu iştirakçısı da dünyadan köçdü və insanların doğum tarixi həmin illərin dəhşətini hiss etməyəcək illərə adladı, bitdi o qələbənin mahiyyəti!

Tarixin önəmi – fərdin münasibətində və fərdə münasibətdədir, indi hansısa peyğəmbərin bu gün doğulması ona görə xatırladılmır ki, onu yaşatmaq istəyən yoxdur! TARİX – onu yaşadanda yaşayır və yalnız onu yaşadan öləndə və yaxud onu yaşatmaq üçün ölməyəndə ölür!

Bu gün də mənim yaşatdığım və yaşaması üçün ölümə hazır olduğum gündür.

Yeri gəlmişkən, qəsd olaraq xüsusi vurğuladığım və hamının diqqətini çəkmək istədiyim bu günü niyə seçdiyimi və fərqləndirdiyimi bilmək istəyirsinizmi?

Bu günü mən seçmədim ki! – Mən hardan biləydim ki, TANRI bu günü və bu düşüncələri illərdir mənim alnıma yazıb?!

Əslində, bütün ilimiz və tariximiz – yaşatmaq istənilən sevgi günlərindən toxunur. İnsan o vaxt bitir ki, bu yaşam tarixində bircə gün də olsa, sevgisiz ana düşür, həyatında «qara dəlik» və «boşluq» yaranır.

TANRI Sizi bu boşluqlardan qorusun!

TANRI sevgili günlərimizlə hörülən həyatımızı «qara dəlikdən» hifz etsin – məsələn, bu günümüzü…

İnsanın bu dünyada qazandıqlarının heç biri onun deyil – hər şey miras olaraq YALAN ALƏMDƏ qalır.

İnsanın özününkü olan qazanc yaşadığımız bu gün və bu günümüzü şərtləndirən sevgimizdir.

Əgər maddi varlıqda bizimki sayılan yalnız bu sevgili gündürsə…

Demək, YAŞAMAĞA DƏYƏR!

Anar Yusifoğlu.

  1. “Əslində, bütün ilimiz və tariximiz – yaşatmaq istənilən sevgi günlərindən toxunur. İnsan o vaxt bitir ki, bu yaşam tarixində bircə gün də olsa, sevgisiz ana düşür, həyatında «qara dəlik» və «boşluq» yaranır.
    TANRI Sizi bu boşluqlardan qorusun!”

    Tamamilə razıyam… Yaşamağa dəyər.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: