Müharibənin başlayacağını Stalinə xəbər verən suraxanılı balası…

Rixard Zorge: “Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”

4 oktyabr 1895-ci il. Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində bir oğlan doğuldu. Adını Rixard qoydular. Amma heç kim, hətta atası Adolfun da ağlına gəlməzdi ki, zaman gələcək və oğlu adaşınını ən vacib bir sirrini faş edəcək. Bəli, özümüzünkü (nə olsun ki milliyyətcə alman idi) – məhz bu sabunçulu balası, Adolf Hitlerin SSRİ-yə qarşı hücum planının dəqiqi vaxtını Moskvaya ötürmüşdü. “Ramzey” kod adlı sovet kəşfiyyatçısı – Rixard Zorge.

***

Bakıda onun adına park var. İki gözü özündə ehtiva edən abidənin olduğu bir park. O parkın həndəvərində yüzlərlə insan yaşayır. Mən inanmıram ki, onların hamısı Zorgenin kim olduğunu bilir. Bəlkə heç fərqində də deyillər. Elə bu gün – iyun ayının 22-nin hansı gün olduğunun da. Belə yerdə səbirlə “hmm” deyərdik. Amma söhbət ondan gedir ki, 600 min azərbaycanlının gedər-gəlməzə getdiyi, 300 minindən çoxunun qayıtmadığı Böyük Vətən Müharibəsinin başlamasından düz 70 il keçir! Düzdü, bəlkə də həmin müharibədə həlak olmuş, Sovet İttifaqı Qəhrəmanı adını qazanmış kiminsə haqqında da yazı hazırlamaq olardı. Sağ qalmış, ənənəvi deyildiyi kimi “Mozdokdan Berlinə qədər döyüş yolu keçmiş” birisi barədə də. Amma bütün bunlara, daha doğrusu, həmin adamlara olan hörmətimizə baxmayaraq Zorgenin üstündə durduq. Əfsanəvi “Ramzey”in. Stalinə müharibənin başlama vaxtını dəqiqliyinə qədər xəbər vermiş bakılı balası barədə yazacağıq – Rixard Zogedən. Sonradan Sovet İttifaqı Qəhrəmanı adı almış əfsanəvi kəşfiyyatçıdan…

Qısa arayış

1895-ci ildə Bakıda anadan olan Rixard Almaniya vətəndaşı Albert Zorgenin nəvəsidir. Kiçik Zorge 3 yaşı olanda valideynləri ilə Almaniyaya köçüb və orta və ali təhsilini orada alıb. Rixardın babası Albert və əmisi Fridrix Zorge kommunizm hərəkatında fəal iştirak ediblər və görünür bunun Rixardın da hərəkata meylinə təsiri olub. 1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard Zorge, 1929-cu ildə Yan Berzin tərəfindən sovet kəşfiyyat xidmətinin işinə cəlb edilib, 30-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin sovetlər ölkəsinə qarşı hərbi əməliyyatlara hazırlaşmaları və hətta bu hücumların konkret vaxtları haqqında məlumatları sovet rəhbərliyinə gizli yollarla çatdırıb. Faşist ordusu ilə Moskva ətrafında gedən gərgin döyüşlər zamanı Rixard Zorge Yaponiyadan xəbər verirdi ki, Yaponiya (Almaniyanın müttəfiqi) Sovet İttifaqına qarşı müharibəyə başlamayacaq. Bu məlumatı əldə rəhbər tutan sovet rəhbərliyi Uzaq Şərqdə yerləşdirdiyi ordunun bir hissəsini Moskvanın müdafiəsinə cəlb etmişdi. 1941-ci ilin oktyabrında Rixard Zorge Yaponiya polisi tərəfindən həbs edilmiş və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verilmişdi. R.Zorge 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edilib. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə 20 il sonra – 1964-cü ilin 5 noyabrında verilib. Bakıda adını daşıyan küçə və park var.

***

O, SSRİ-yə 1924-cü ildə qayıtdı. Kommunist kimi gəlmişdi. Bir ideya daşıyıcısı kimi yenidən Almaniyaya qayıtmalı idi. Amma taleyi elə gətirdi ki, bu gənc tezliklə sovet kəşfiyyatı tərəfindən “verbovka” olundu. Və dərhal da ona vətəndaşlıq verildi. Moskvada, Bakıda rezenturalarda 5 il çalışandan sonra Çinə göndərildi. Rixard Çində sovet kəşfiyyatının əlaqaləndiricisi olmaqla yanaşı, həm də uzaq şərq üzrə kəşfiyyatı da necə deyərlər yönəltməli idi. Yeri gəlmişkən, o, Çinə getməzdən əvvəl Yekaterina Aleksandrovna Maksimovna ilə tanış olur və onunla evlənir.

***

Amma o, Çində o qədər də çox qalmır. 1933-cu ildə “Bёrlen kurğer” və “Frankfurter uaytunq” qəzetlərinin xüsusi müxbiri kimi Yaponiyaya gəlir. Maraqlısı odur ki, iki ildən sonra o, artıq Moskvaya inanılmaz kəşfiyyat məlumatları ötürürdü. “Ramzay” ləqəbi verilmiş bu adam Şanxaydan tutmuş Tokioya, Tokiodan tutmuş Vladivostoka qədər ərazidə böyük agentura şəbəkəsinə nəzarət edirdi.

***

1941-ci ilin əvvəlində Zorge Moskvaya məxfi teleqram göndərir. Həmin teleqramda Stalinə bildirilir ki, Hitler iyunun 22-si səhər tezdən SSRİ-yə hücum edəcək…

Amma Stalin ona inanmır. Və dərhal da müəyyən strukturlara göstəriş verir ki, Zorge təcili Moskvaya qayıtmalıdır. Amma Allah bilir neçə tərəfə işləyən Zorge xəbər tutur ki, Moskvaya gələn kimi onu həbs edəcəklər. (Yeri gəlmişkən, o, haqlı idi: çünki Zorge Yaponiyada ifşa olunub həbs olunandan sonra, onu Stalinə təhvil verib bir yapon generalı ilə dəyişmək istəmişdilər. Stalin isə təklifi rədd etmişdi – S.M.)

Bundan sonra Zorge Moskvaya təcili, özü də ardıcıl teleqramlar vurmağa başlayır. Və bu teleqramlarda özünə bəraət də qazandırır. Məsələn, həmin teleqramladan birində deyilir: “Mən sizin məzuniyyət çıxmağım haqda narahatçılığınızı başa düşürəm. Amma bilin ki, mənim məzuniyyətə çıxmağım dövlətimizi çox məxfi və mühüm informasiyalarsız qoya bilər”.

Və ya başqa bir teleqram: “Bəlkə müharibədən sonra qayıdım? Axı, indi daha vacib işlərim var”.

Və nəhayət sonuncu teleqram: “İndiki hərbi vəziyyətdə mənim qayıtmağım düzgün olmazdı. Bəlkə bir az səbr edək. Və az sonra məndən çox önəmli xəbər eşidəcəksiniz”.

***

Moskva səbirlə öz kəşfiyyatçısını önəmli xəbərini gözləyirdi. Həmin xəbər də özünü çox gözlətmədi. “Ramzey” Tokiodan necə deyərlər özünü yırtıb-dağıdırdı: 1941-ci il iyunun 22-si səhər tezdən faşist Almaniyası SSRİ-yə hücum edəcək. Amma Stalin onun telefonoqramını qulaq ardına vurdu. Bəlkə də sadəlövhcəsinə iki il əvvəl imzalanmış Molotov-Ribbentrop paktına ümid edirdi. Ümid edirdi ki, Almaniya SSRİ-yə hücum etsə belə, bu, belə tez olmayacaq. Amma “Ramzey” haqlı çıxdı. 1941-ci ilin iyunun 22-si tezdən alman ordusu SSRİ sərhədlərini keçdi… Böyük Vətən Müharibəsi başladı. Düz 70 il əvvəl…

***

Amma bu hələ harası idi? Bir ay sonra Zorge Moskvaya növbəti telefonoqram vurur. O, inadla bildirir ki, 41-ci ilin sonundan 42-ci ilin əvvəlinə kimi Yaponiya SSRİ-yə hücum etməyəcək. Stalin bu dəfə Zorgenin məlumatını qulaqardına vurmur. Məhz yaponların hücum etməyəcəyinə əmin olub, Uzaq Şərqdən xeyli hərbi hissəni Moskvanın müdafiəsinə cəlb edə bilir. Və Moskva xilas olur…

***

Bununla belə, Zorge həyəcan təbilli yeni bir teleqram vurur: “Yaponiyadakı missiyamız başa çatır. Məncə biz (təbii ki o, özünü və agentura qrupunu nəzərdə tuturdu – S.M.) təcili Moskvaya qayıtmalıyıq”.

Amma Rixard gecikmişdi. Tokiodakı kabarelərdəki rəqqasələrdən biri (hansı ki, guya onun agenti idi) Zorgeni yeri orqanlara satmışdı.

Zorge və onun şəbəkəsini 1941-ci il oktyabrın 18-də həbs etdilər.

***

Bəlkə də dünya casusluq tarixində yeganə fenomenal hal idi ki, Zorgeyə, hətta bütün işgəncələrə baxmayaraq, illərlə heç nə sübut edə bilmədilər. Nəhayət, 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verildi: dar ağacından asılmaqla. Amma hökm yenə icra edilmədi. Düz bir il də gözlədilər. Hətta Yaponiya imperatoru Stalinə onu bir yapon generalına dəyişdirməklə bağlı təklif göndərdi. Stalin isə öz kəşfiyyatçısından imtina etdi. Və nəhayət ölüm anı gəlib çatdı. Rixard Zorge 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edildi və yaxınlıqdakı qəbiristanlıqda torpağa tapşırıldı. 20 il sonra isə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Onda artıq Stalin yox idi…

Yazıya söz ardı

“Zorgeni görməmişəm. Ancaq onu deyə bilərəm ki, “Ramzay” sovet kəşfiyyat qrupunun əfsanəvi rəhbəri barədə eşitmişəm, oxumuşam. Rixard Zorge Yaponiyaya Uzaq Şərqdə yapon millitaristləri tərəfindən müharibə təhlükəsi yaranarkən Sovet İttifaqının təhlükəsizliyi naminə göndərilmişdi”. Bunu Solomon Xristov deyir.

Zorgenin kəşfiyyat qrupunun radisti Maks Xristiansen Klauzek: “O, zahirən suyuşirin idi, həm də gözəl insan idi. Zorge özünün rəhbər olduğunu heç vaxt gözə soxmazdı. Öz vətənini, Bakı şəhərini çox sevirdi. 1936-cı il idi Rixard mənimlə Moskva söhbətində dedi: “Mən özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”.

“Rixard Zorge 7 dildə danışırdı. Mən Zorgedən çox şey öyrənmişəm. O heç vaxt üzərində silah gəzdirməzdi. Zorge ilə 1930-cu ildə Cində tanış olmuşam. Onun şagirdi idim. O, mənim evimdə lazımi adamlarla gizli görüşərdi, məktub və teleqramlar da mənim vasitəmlə alırdı. Zorgedən mən hər gün siyasətdəki yeniliyi öyrənmişəm. O sovet sərhədində hərbi keşikdə duran əsgər kimi həlak oldu”. Bunu isə Pul Koraher deyir.

***

O, isə öz sözünü 70 il əvvəl demişdi. Özü də Stalinə… Təəssüf ki, eşitmədilər. Bəlkə də 300 min həmyerlimizdə həlak olmazdı. Amma bir həqiqət də var. Görəsən, bu gün Zorgenin abidəsi önünə gedən olacaq? Axı, baş verəcəklərdən hamıdan qabaq o xəbər tutmuşdu!..

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: