Qebirqazana vurulan qız

Bu 16 yaşlı qızın yerinə başqası olsaydı, yəqin ki, çox həyəcanlanar və ola bilsin, həm də sevinərdi. Çünki sevdiyi oğlanla görüşəcək; ondan sevgisinə cavab alacaqdı: ya “hə”, ya “yox”. Düzdür, həyəcanlıydı, ancaq sevinmirdi. Əksinə, kədərliydi. O, kədərli olmağa adət eləmişdi. Elə ümidsiz olmağa da. İndi də ümidsiz və kədərliydi. Nikbinliyin nə olduğunu bilmirdi o.

Valideynlərilə Nərimanov rayonunda yaşayırdı. İmkanlı adamlar yayda bağa gedəndə, bağı olmadığından atası onları Binəyə – babasıgilə gətirərdi. Binə onlar üçün “bağ” idi, burada bağ olmasa da.

“Bağ”a gələn günün səhəri atası anasını və onu götürüb qəbiristanlığa getdi. Hər ilki kimi, dörd il əvvəl ölmüş nənəsinin qəbri üstünə baş çəkdilər.

Yaxınlıqda, iyirmi addım aralıda yeni qəbir qazılırdı. Qəbri bir-birinə oxşar iki oğlan qazırdı.

O, həmişəki kimi ümidsiz və kədərliydi.

Qəbir qazan oğlanları görüb baxmağa başladı. Sanki ümidlənən kimi oldu: onlardan böyüyü, təxminən elə özü yaşda olanı deyəsən xoşuna gəlmişdi.

Ancaq onu ümidləndirən bu da deyildi; hələ aydınlaşdıra bilmədiyi səbəbi axtarsa da evə çatana qədər tapa bilmədi.

Qəbirqazanların ona baxıb-baxmadığını bilmədi. Valideynlərilə evə gəldi. Babasıgilin ona ayırdığı otağa çəkilib düşünməyə başladı: “Nə idi axı belə sevindirən məni?”

Otura bilmədi. Uzandı. Durdu. Özüylə Binəyə gətirdiyi kitablardan birini oxumağa götürdü. Oxuya bilmədi. Halbuki o, əlinə kitab alanda heç oxumamış yerə qoymazdı. Daim bədii ədəbiyyat oxuyardı. Çox oxuduğuna görə anası ona “professor” deyərdi. Dərslərini də pis oxumurdu. Ancaq heç ali məktəbə hazırlaşmırdı da. Sinifdə dərslərini onun qədər oxuya bilməyənlər ali məktəblərə girmək üçün müəllim yanına gedirdi. O isə keçən ildən qərara gəlmişdi ki, heç bir yerə sənəd verməsin. Çünki ali məktəbə girməyin yalnız xəyal olduğunu düşünürdü; ona elə gəlirdi ki, ali məktəbə sənəd verməyin mənası yoxdur, çünki daxil ola bilməz, lazım olan çoxlu savad yoxdur onda; universitetə sənəd verib kəsilərək özünü və valideynlərini tanış-tunuş arasında biabır etməyin mənası nədir? O belə düşünüdü – ümidsizcəsinə. O qədər ümidsizcəsinə ki, ata-anası da ali məktəbə hazırlaşmağa heç cür razı sala bilməmişdi.

“Görəsən o oğlan – qəbirqazan mənə fikir verdi? Necə qəşəng oğlandı. Saçı da qulaqlarını örtüb. Şəhərdə belələrinə “şampunçik” deyirlər, Bakının qəsəbələrində, kəndlərində uzunsaç oğlanlara lağ eləyirlər. Bu nə əcəb belə saç saxlayıb?…Paltarları da kasıbyana idi. Nə olsun, əsas odu özü qəşəngdi, yaraşıqlıdı. Axı mən əvvəllər də uzunsaç oğlanlar görmüşəm, axı niyə belə sevinirəm?”

Nəhayət, sevincinin səbəbini tapdı. Qəlbinin dərinliyindəki səs ona qəbirqazan oğlanı tapmasına sevinməyinin səbəbini dedi. Axı o, ali məktəbə girə bilməyəcəyi kimi ərə də getməyəcəyini düşünürdü. Özü də bu barədə son vaxtlar fikirləşməyə başlamışdı. Güzgünün qarşısında özünə hər baxandan sonra əmin olurdu ki, heç vaxt ailə də qura bilməyəcək. Hansı ki, milli mentalitet hər kəsə ailə qurmağı, az qala əmr edir; ailə qurmayanları bədbəxt sayır. Başqa yaraşıqlı oğlanlar onu sevməyə bilərdi; bu uzunsaç qəbirqazan oğlan yəqin onunla ailə qurmağa razı olardı. O da böyük bacısı kimi ailəli, uşaqlı olardı.

“Yəqin oğlanın ailəsi kasıbdı. Üst-başından da görünür, həm də imkanlı adam qəbirqazan işləməz. Atam bizi evləndirər, sonra onu işə düzəldər… Birdən evdən məni ona vermədilər?”

Bu düşüncələrlə səhərə yaxın yuxuya getdi…

İki gün sonra anasına adətən yalan danışmayan qız onu aldadıb, evdən çıxdı. Birbaşa qəbiristanlığa getdi.

Qəbiristanlığı axtarmağa ehtiyac olmadı; bəlkə də ilk dəfəydi ki, bəxt üzünə gülürdü: həmin qəbirqazan oğlan qəbiristanlığın girəcəyindəki damın qabağında oturmuşdu. Bu dəfə qardaşı yanında deyildi, tək idi. Yaxınlaşıb salamlaşdı. Oğlandan buralarda haradan gül ala biləcəyini soruşdu:

– Nənəmin qəbri üstünə gəlmişəm.

– Allah rəhmət eləsin… Sözün düzü, buralarda gül satılmır, kim gül qoymaq istəsə özüylə gətirir.

Hiss elədi ki, qəbirqazan onu keçən dəfə nənəsinin qəbri üstündə görməyib. Gül söhbəti əlbəttə bəhanə idi, sadəcə oğlanla söhbəti uzatmaq, onun gözəl üzünə baxıb incə və məlahətli səsinə qulaq asmaq istəyirdi.

Sonra nənəsinin qəbrinə baş çəkdi. Qayıdanda oğlan yenə də qəbiristanlığın girişində oturmuşdu. Ona “Mən gələn cümə axşamı yenə gələcəyəm” deyib getdi.

Keçən bir həftə çox əziyyətli oldu. Növbəti cümə axşamına qədər çox çətinliklə gözlədi. Nəhayət, cümə axşamı çatdı və o, qəbiristanlığa getdi. Oğlan yenə ordaydı. Qardaşı da aralıda kol-kos qırır, yəqin təzə qəbir yeri hazırlayırdı. Yenə bir az söhbət elədi. Onunla bağlı kifayət qədər öyrənmək istəyirdi, çoxlu sualları vardı. Heyif ki, qəbirqazan çox danışana oxşamırdı.

Üçüncü həftənin cümə axşamı günü onunla bir az səmimi ola bildi. Oğlan qəbir qazdıranların az olmasından, qəbir qazmağın çətinliklərindən şikayətləndi. Deyir, bir də görürsən daş-kəsək çıxır, qazmaq olmur, ev yiyəsinə necə deyəsən ki, gəl qəbri başqa yerdə qazaq?

Qız bir qədər aralıda olan oğlanı göstərib soruşdu:

– Qardaşındı?

– Hə – qəbirqazan gülümsündü, – qardaşımdı.

Onu ilk dəfəydi gülən görürdü. Gülmək bu qəbirqazan oğlana necə də yaraşırdı…

Həmin gün qəbirqazana əvvəlcədən kağıza yazdığı mobil telefon nömrəsini də verdi. Oğlan nömrəni aldı, ancaq dedi ki, mənim telefonum yoxdu. Deməli, danışmaq üçün qəbiristanlığa getməkdən başqa çarə yox idi.

Artıq yay tətilinin bir ayı getmişdi, ancaq o, qəbirqazana heç nə deyə, ya da hiss etdirə bilməmişdi. Təkcə yaşını öyrənmişdi: on altı. Yaşıd idilər.

Evdə xeyli düşündü və qətiləşdirdi. Çərşənbə günü oturub sevgi məktubu yazdı. İlk dəfəydi sevdi məktubu yazırdı, yalnız məktəbdəki qızlarda uzaqdan-uzağa görmüş, bu barədə kitablardan oxumuşdu. Məktubu “Adını bilmədyim oğlana!”, sözlərilə başlayıb, “gələn həftənin cümə axşamı günü saat 12-də qəbiristanlığın girişinə gələcəyəm” sözlərilə yekunlaşdırdı. İmza qoymadı.

Bir səhifəlik məktuba ətir də vurmaq istədi, fikrindən daşındı. Yolboyu kədər içində, cürbəcür ağlagəlməz şeylər fikirləşirdi.

Çatdı. Qəbirqazanla salamlaşdı, söhbət eləmədən nənəsinin qəbri üstünə getdi. Qayıdıb gəldi. Məktubu qəbirqazana uzatdı. Onun təəccüblənməsini görmədən, “bu nədi?” sözlərini guya eşitmirmiş kimi qaçdı. Sürətlə qaçırdı…

Bir həftənin geriyə sayımı yaman həyəcan, kədər və ümidsizliklə başladı. Ağlına cürbəcür fikirlər gəlirdi və bütün fikirlər qəbirqazan oğlanın ona “yox” deyəcəyi səbəblə sonuclanırdı: qəbirqazanın sevdiyi qız var; ola bilsin sevdiyi qız yoxdu, ancaq onun özünü də sevmir, axı o kifirdi; qəbirqazan onu bu qədər həyasız – bir oğlana “girişə biləcək” qədər arsız sayıb rədd edir… Qəbiristanlığa çatana yaxın ağlına bir fikir də gəldi: oğlan oxuma-yazma bilmədiyindən məktubu başqasına oxutdurub və… Ardını düşünmək istəmirdi. Ancaq çatana qədər düşündü: o və ailəsi Binədə biabır olur, hamılıqla kənddən qovulurlar.

Yeddi günün cəmi ikisi keçmişdi. Ancaq onun həyəcandan ürəyi yerindən çıxırdı. İkicə gün sonra – bazar günü günorta atasının anasına danışdığı əhvalat isə onu şoka saldı. Söhbətin əvvəlinə fikir verməsə də atasının qəbiristanlıqdakı qardaşlardan danışdığını eşidib diksindi. Dönüb qulaq asmağa başladı:

– …Adamın heç ağlına da gəlməz eee. O iki oğlan sən demə… qızdı. İkisi də. Atası onları qəbir qazdırmağa məcbur eləyir… O qədər günün-yağışın altında qalıblar ki, üzləri də kobudlaşıb. Oğlana oxşayırlar…

Qızın başı hərləndi. Sonrasını özü də bilmədi. Bir də özünü qəbiristanlığın qapısı ağzında gördü. Bura qaça-qaça gəlmişdi. Nə üçün gəldiyini dəqiq bilmirdi. Ancaq sanki atasının dediklərinə tam inanmamışdı. Daha doğrusu, onda bir ümid qığılcımı var idi. Bu, ümidsizliyin son həddinin yaratdığı bir ümid işartısı idi.

Halı özündə deyildi. Qəbiristanlığın qapısından içəri keçdi. Ümid işartısı olan gözlərilə qəbirqazana baxıb. Qəbirqazan dilləndi:

– Telefon nömrən məndə qalır, ancaq telefon tapa bilmədim zəng vurum, bağışla.

– …

– Yəqin sən məndən məktubuna cavab gözləyirsən?

– …

– Bilirsən…

– …

Qəbirqazan bir qədər susub yenə danışdı başladı:

– Məsələ burasındadı ki, mən oğlan deyiləm… Mən… qızam. Yanımda gördüyün o biri qəbir qazan qız da mənim bacımdı. Bir dəfə sən soruşdun, mən də zarafatla dedim ki, hə, o, mənim qardaşımdı. Bizim anamız ölüb, atam da bizə həmişə oğlan işləri gördürüb. Oğlan kimi geyinmişik həmişə.

Qəbirqazanın üzünə baxdı: artıq onun gözündəki sonuncu ümid işartısı da yoxa çıxmışdı. Dəhşətə gəlmiş kimi qaçmağa başladı. Keçən dəfəkindən də sürətlə qaçırdı…

***

…Səhər yenicə açılmışdı. Oğlana oxşayan qəbirqazan növbəti “müştəri”si ilə danışıb, razılaşdı, onu yola salıb, beli əlinə aldı. Bu, onunçün yalnız növbəti iş idi – kənddə bir qız özünü asmışdı. Özünü asan 16 yaşlı qızın kim olduğunu isə qəbirqazan bacılar heç vaxt bilməyəcəkdilər…

Pervin Abbasov

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: