Qehremanlar ve qoyunlar

Böyük Vətən Müharibəsi şahidlərinin xatirəsinə…

Mən doğulandan altı ay sonra ölmüşdü babam. üzünü görməmişəm. Hər dəfə məzarını ziyarət edəndə qəbrini hasarlayan dəmir çəpərdən qıraqda olan üç metr boyunda daş abidəni də ziyarət edirik.

Hündür, başında beşulduz bənd edilmiş, gümbəzfason, daşdan tikilmiş, sadə abidədi. üzərində bu sözlər yazılı: “Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinə”.

Babam Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdu. Harada xidmət etdiyini, hansı cəbhələrdə döyüşdüyünü, Berlinə zəfərlə daxil olana qoşunun tərkibində olub olmadığını bilmirəm.

O müharibədən qayıtdıqdan sonra bu abidəni tikmişdi. Müharibədə itkin düşəni, şəhidi olanlar, onları yad etmək üçün bu abidənin ətrafına yığışardılar. Novruz bayramında qəbiristanlıq ziyarətində bu abidə də ziyarət olunardı.

Zatən Sovet dövründə hər kənddə “Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə” ucaldılmış möhtəşəm abidələr olardı. Bizim kənddə də həmçinin. Bəs babamı bu abidəni tikməyə vadar edən mənəvi qüvvənin adı nə idi?

Dostluq, yoldaşlıq sədaqətimi? Xalqın başına bir daha bu cür müsibətin gəlməməsi arzusumu? Müharibədə gördüyü dəhşətləri unutmaq istəyimi? Səbəblər müxtəlif ola bilər.

Məsələ odur ki, babam bu abidəni öz hesabına, büdcəsinə qənaət bahasına qaldırmışdı. Mən uşaq olanda atamla bir dəfə təmir etmişdik o abidəni. İndi uçulmaq üzrədi. Baxımsızdı.

Məhəlləmizdə, şamların arasında kiçik məzarlıq. Bu məzarlıqda müxtəlif millətlərin nümayəndələri yan-yana uyuyur. Qardaşlıq məzarlığıdır bura. Məzarlığın önündə Böyük Vətən Müharibəsi iştirakçılarının xatırəsinə tikilmiş bir abidə də var.

Yaxın illərə kimi hər il 9 Mayda bu məzarlıq ziyarət edilirkən artıq tamamən unudulub. Dağılıb gedir. Domino daşları kimi yanaşı düzülmüş qəbir daşlarının arasında bitən otları qırpır qoyunlar. Buranın sonuncu ziyarəçiləridir qoyunlar.

Stefan Sveyq Birinci Dünya Müharibəsindən sonra bəşəriyyətin bir daha belə bir fəlakətə düçar olacağına inana bilmirdi. İkinci Dünya Müharibəsinin qızğın vaxtlarında o faşizmin bircə-bircə ölkələri zəbt etməsinə, Avropanın, sivilizasiyanın məhv olmasına dözə bilmədi. Buna görə də intihar etdi.

İkinci Dünya Müharibəsində bəşəriyyət çox böyük bir imtahandan keçdi. Milyonlarla insan ölürkən, milyonlar insanın taleyi don vurmuş budaq kimi anidən qırıldı. O faciəni yaşamış insanlar ağır məhrumiyyətlərə düçar oldular. Və onlar bu müharibənin ağrılarını, dəhşətlərini həyatları boyu unutmadılar. Yaşlarının ahıl vaxtlarında da müharibə adı çəkiləndə ürək ağrısı ilə başlarını buladılar.

O insanların çoxu artıq həyatda yoxdu. Onların yoxluğu ilə Böyük Vətən müharibəsinin xatirəsi də yaddaşlardan hər gün bir az daha silinir. Və bəşəriyyət cahanın yaşadığı o böyük dəhşəti unudur.

Qoyunlarsa ot qırpırlar.

Mirmehdi Agaoglu

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: