Hasar (çox maraqlıdı)

Bu yaxınlarda yolum Salyan rayonuna düşmüşdü. Asta-asta ləpənən dənizə baxa-baxa yol getməyin öz ləzzəti var, di gəl, bu dəfə, necə deyərlər, murazım gözümdə qaldı; sən demə, dənizi az qala bütün yolboyu hasarlayıblar. Ara-sıra hasarın o üzündə sahilə doğru qaçan dalğaların səsini eşitsən də, dənizin üzünü görə bilmirsən.

Öz-özümə duşundum ki, görəsən Azərbaycan insanının hər şeyi hasara almaq, üstünü örtmək, «yad»gözlərdən gizlətmək sevdası nəyə dayanır? Bu hansı mübhəm hissdir ki, insanı dənizi, meşəlikləri, dağı-dərəni çəpərləməyə sövq edir? Bunu yalnız artıq tamahla, görməmişliklə izah etmək doğru olmazdı məncə. Bu bir mentalitet, bəlkə də, mədəniyyət ünsürüdür. Həyət evi tikən azərbaycanlı öncə kanalizasiya, su, qaz və s. problemlərini həll etmək əvəzinə evə hasar çəkməyin qeydinə qalır.

Özü də bəzən bu hasar tarixən dünyanın heç yerində rastlanmayacaq hündürlükdə olur. Bu hasarların bir qismini öz sevgili arvadlarını başqalarının gözündən saxlamaq üçün tikən xəstələrlə işimiz yoxdur. (İllah da ki, çox zaman belə arvadlar slavyan miflərindəki Baba-Yaqadan o qədər də fərqlənmirlər.

Yadınızdadırsa, Baba-Yaqa toyuq ayağının üstündə dayanan daxmada yaşayır, daxmanın ətrafına insan sümüklərindən hasar çəkilib, hasarın üstündə insan kəllələri düzülüb, darvazanın cəftəsi insan ayağından düzəldilib, sürməsi – insan əllərindən, qıfıl yerinə isə, iti dişli ağız asılıb). Adamda maraq doğuran başqa şeylərdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa aristokratiyasının malikanələri, villaları, sarayları heç vaxt hasarlarla əhatə olunmurdu. Bu, Avropanın «xəstə adamı» Rusiyada da beləydi. Turgenevin, Qonçarovun və onların müasirlərinin əsərlərindəki «barin»lərin ev-eşiklərini xatırlayın. İndinin özündə də Avropada evi hasarlamaq heç kəsin ağlına gəlmir. Heç olmasa bir dəfə Avropada olmusunuzsa, bunu dərhal hiss edirsiniz.

Əskilərdəki kimi, yenə də orada mal-mülkün ətrafına divar çəkmək zövqsüzlük, hətta mərifətsizlik əlaməti sayılır, bu, meşşanlığı və digər aşağı təbəqəyə aid insanları xarakterizə eləyən bir özəllik kimi qəbul olunur. Oralarda belə hesab edirlər ki, hasarlar tikililərin və bir qayda olaraq onlara bitişik olan parkların arxitektur gözəlliyini gizlədir.

Bütün bunlar haqqında məni bilgiləndirən arxitektor dostum deyir ki, hasarlar ən çox inkişaf etməkdə olan ölkələrdə – Braziliya, CAR, Meksika və s., eləcə də şərq xalqlarının məskunlaşdığı coğrafiyalarda inşa edilir. O yerlərdə ki, orada infrastruktur zəif inkişaf eləyib, evlər sıx-sıx tikilir, müxtəlif növ cinayətkarlıq isə adi haldır. Bir çox xarici ölkədə olmuş adam kimi, Avropada hasarların olmamasına mən də şahidlik edə bilərəm. Oradakı hasarlar olsa-olsa dizdən aşağı çəpər şəklindədir, itdən-pişikdən qorunmaq üçündür.

Bizdəki hasarların hündürlüyü və ümumi uzunluğu isə həşəmətli Çin səddindən böyükdür ki, kiçik deyil. «Komsomolski kruqdan» aeroporta kimi uzanan yolun hər iki tərəfi ilə uzanan hasarların da, əslində, heç bir estetik funksiyası yoxdur. Hasarların o üzündəki çöllü-biyabanlığı, eybəcər mənzərələri bu yolla gedib-gələn qonaqların gözündən yayındırmağa hesablanıb sadəcə. Bu hasar heç bir gözəlliyi gizlətmədiyi üçün onun mövcudluğu da heç kəsi öfkələndirmir. Hasarlar onsuz da artıq heç nəyi gizlətməyə qadir deyil. İndiki texnologiyaların insana və insanlığa qarşı savaş açdığı bir dönəmdə gizlin bir şey də qalmayıb zatən. İndi hasarlar yalnız xırda-para eybəcərlikləri gizlətməyə yarayır bəlkə də.

Yoxsa hasar, ümumiyyətlə, nəyə lazım idi ki?!

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: