İmperiyanı lerzeye getiren sevgi…

Çarın ölümü – mülayim simalı, çox zərif qadın bunu necə təşkil edə bilərdi? Güclü xarakter, ideyalılıq, möhkəm iradə – bütün bu keyfiyyətlər onda cəmləşmişdi və ona düşündüklərini həyata keçirməyə imkan verirdi. 

Sofya Perovskaya – bu ad heç də insanda lirik assosiasiya yaratmır. Bu adın sahibi inqilabçı, hökmdara sui-qəsdin təşkilatçısı və iştirakçısı kimi tarixə düşüb. Hansı qəlb qırıqlığı bu qadını Rusiya tarixində siyasi məsələlər görə asılaraq edam edilən ilk qadın kimi seçdi?

Sofya 1853-cü il sentyabrın 1-də Peterburqda anadan olub. Gələcək “xalqçı” tanınmış nəsildən idi: onun ulu babası sonuncu Rusiya getmanı (kazak qoşunları başçısı) K. Q. Razumovski idi. Babası isə imperator I Aleksandrın hakimiyyəti dövründə Krım qubernatoru olub.

Perovski ailəsinin bütün uşaqları evdə çox yüksək təhsil alıblar. Hələ uşaqlıqdan özünün inadkar xasiyyətini biruzə verən Sofyaya bunlar çox az görünürdü və qız atasının iradəsinə zidd olaraq Smolnı İnstitutuna daxil olmaqdan imtina edərək, 1869-cu ildə Peterburqda oğlan gimnaziyasının nəzdindəki Alarçin qızlar kursuna daxil olur. O burada daha rahat nəfəs alırdı, nəinki doğma divarlar arasında. Təhsil onu problemlərdən uzaqlaşdırırdı.

Gimnaziyada dərslər bitdikdən sonra o evlərinə qayıtmaq istəmir. Kurs imtahanlarını uğurla başa çatdıran Sofya xalq müəllimi olmaq arzusu ilə pedaqoji kursa daxil olur.

Kursda Sofya öz biliyini artırmaq üçün təşkil edilmiş dərnəklərə qoşulur. Burada gənc qızlar qeyri-ixtiyari olaraq o zaman dəb olan “xalqçılıq” ideyaları ilə maraqlanırdılar. Sofyanın şübhəli dərnəklərdə iştirakından bir müddət sonra xəbər tutan atası tələb edir ki, “şübhəli şəxslər”lə münasibətləri dərhal dayandırsın.

Lakin inadkar qızı fikrindən döndərmək mümkün olmur. Yeni ideyalara aludə olan Sofya 1871-ci ildə özünün xalq dərnəyini yaratdı.

Atasının yüksək mənsəbinə baxmayaraq, Sofya “siyasi şübhəlilər” siyahısına daxil olur və hətta kursu bitirdikdən sonra ona müəllimə diplomu verilmir. Lakin bütün bunlar onu ruhdan salmır və müəllimə köməkçisi işləmək üçün Tver quberniyasının Yedimenovo kəndinə gedir. 1873-cü ildə Sofya diplomunu almağa müvəffəq olur və işləmək üçün əvvəl Samara, sonra isə Simbir quberniyasına gedir.

Həbslər dövrü

Təhlükələrlə dolu həyat bu macəra axtaran qızı bütünlükdə ələ alır. 1874-cü ilin yanvarında Perovskaya hakimiyyətin inqilabçı dərnəkləri dağıtdığı zaman həbs olunur.

Cəza olaraq o, beş aya yaxın Petropavlovsk qalasında həbsdə saxlanır. Həbs müddəti daha uzun ola bilərdi, lakin atası zamin duraraq onu azad etdirir. Lakin Sofya buna görə atasına təşəkkür etməyi unudur.

“Yayda zaminə buraxıldım və Krıma anamın yanına getdim. Gələcəkdə xalq müəllimi olmaq imkanını itirdiyim üçün mən feldşerliyi öyrənməyə başladım” – deyə, yazırdı o zamanlar. Dördillik kursu bitirdikdən sonra Sofya Simferopoldakı zemstvo (inqilabdan qabaq tərkibinin çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) xəstəxanasında işə qəbul olunur və 1877-ci ilin avqustunda məhkəməyə çağırılana qədər orada işləyir. Tarixdə “193-lərin prosesi” kimi məşhur olan “Xalq içərisinə getmə” hərəkatının iştirakçılarına qurulmuş məhkəmədə Perovskaya bəraət alır.

İnqilabçı ideyalara mübtəla olan qızı görünür belə həyat qorxutmurdu. O, “xalqın xoşbəxtliyi” uğrunda mübarizə aparmaq istəyirdi və özünü bu yoldan kənarda görmürdü.

Perovskaya hətta dərnək yoldaşlarının həbsxanadan azad olunmasında iştirak edir və qadağan olunmuş “Torpaq və azadlıq” təşkilatına daxil olur. Bu təşkilatın tapşırığı ilə Xarkovda katorqa həbsxanasından məhbusların qaçırılmasını təşkil etmək üçün oraya getsə də, bu cəhdi uğursuz olur.

Sarı saçlı, açıq-boz rəngli gözləri olan gənc qız – müasirləri onu belə təsvir edirdilər. Onun görkəmi necə də aldadıcı idi. Onun həmfikiri Vera Fiqner etiraf edirdi: “Onun heç bir əlaməti, görünüşü möhkəm xarakter və güclü iradəni ifadə etmirdi. Lakin o, dostlarına qarşı tələbkar və ciddi, düşmənlərinə qarşı amansız idi…”

Sevgi köləsi

Bu gənc qadının daxili dünyası ətrafındakı insanlar üçün qapalı idi. Düşünmək olardı ki, qadın maraqları, incəlikləri ona yad idi və bütün fikri ancaq özünün siyasi düşüncə rəqibləri ilə mübarizə idi.

Sevgi bütün qəlbləri fəth edir. Tezliklə tale onu özü kimi qızğın inqilabçı ilə – Andrey Jelyabovla qarşılaşdırır. O, Sofyadan iki yaş böyük idi və təhkimli kəndli ailəsindən çıxmışdı.

Həyatda ümumi məqsədlərin birləşdirdiyi bu cütlük vətəndaş nikahı ilə yaşayırlar və demək olar ki, ətrafdakı hər kəsin diqqəti onlarda olur. Ömürlərinin sonuna qədər də rəsmi nikaha daxil ola bilmirlər.

İnqilabi mübarizə yoldaşı olan L. A. Tixomirov sonralar belə xatırlayırdı: “Özünü sevən, hökmran, sərt qadın təbiətli Sofya Lvovna bütün qəlbi ilə Jelyabovu sevirdi, hətta onun köləsinə çevrilərək bütünlükdə onun əsarətində idi”.

“Xalqın xoşbəxtliyi üçün” qətl

Xalqçılar II Aleksandrın həyatına dörd dəfə qəsd ediblər. Perovskaya onlardan 3-də, o cümlədən sonuncu uğurlu sui-qəsddə iştirak edib.

Bu qəsd hadisəsinin birində Sofya gizləndiyi evdə idi və çar qatarının yaxınlaşdığı zaman elektrik naqilini qapamalı və partlayış törətməli idi. Lakin partlayış qatar təhlükəli yerdən ötüb keçdikdən sonra baş verir və planlaşdırılan iş baş tutmur.

“Şüurlu şəkildə terrora əl atan” Perovskaya 1880-ci ilin yazında Odessada həyata keçirilən ikinci sui-qəsddə də iştirak edir. Bu dəfə də xalqçıların “qurban”ı sağ qalır.

Sonrakı il – Jelyabov həbsdə olduğu zaman onun sadiq rəfiqəsi çarı qətlə yetirən terrorçu qrupuna başçılıq edir. 1881-ci ilin mart ayının 1-də Peterburqdakı Yekaterina kanalının yaxınlığında Sofya əlindəki ağ dəsmalı yelləyir və sui-qəsdçilərdən birinə yaxınlıqdan keçən II Aleksandra bomba atmağı işarə verir. Bu dəfə də o, heç kimə sezdirmədən hadisə yerindən uzaqlaşa bilir.

Dostlarının inadlı tələblərinə baxmayaraq, Perovskaya Peterburqdan getmir və Jelyabovun həbsdən azad olunmasını təşkil etməyə başlayır. 1881-ci ilin martın 10-da Nevski prospektində təsadüfən onu uşaqlıq dostu N. Muravyov görür və tanıyır. Onu digər beş dostu ilə birlikdə həbs edir və məhkəməyə təhvil verirlər.

Həyatla vidalaşmağa çox az qalırdı – rus çarını öldürənlərə edam hökmü çıxarılmışdı və hökm aprelin 3-də icra olunacaqdı. Lakin hamilə olduğu üçün Qesi Qelfman haqqında ölüm hökmünün icrası təxirə salınır və o sonralar həbsxanada ölür.

Peterburqda Semyonovsk meydanında Perovskaya və Jelyabov birlikdə dayanmışdılar, digər sui-qəsdçilər kimi ölümün gözünə baxırdılar. Onları dar ağacından asılmaqla edam gözləyirdi.

Məhkumların arasında yeganə qadın olan Perovskaya mətanətlə dayanırdı. Şahidlərin dediklərinə görə, ən gec ölən də o olur. Bəlkə iki nəfər üçün bir ölüm ona daha da güc verirdi?!

Orada, Semyonovsk meydanında asılmadan öncə şübhəsiz ki, o belə gənc ölməyinə heyfsilənirdi. Lakin o öz rolunu sona qədər oynaya bildi. O, yaşadığı kimi də öldü – ölümün gözünə dik baxa-baxa.

Necə yaşayırdısa, elə də öldü – dəvətsiz və vidasız… Gözəl simasında hiddətli və acı gülüşlə…

“Bir martçılar”ın edamı ölkədə kütlə qarşısında həyata keçirilən son edam idi. Lakin bu da Rusiya tarixinin qara səhifəsinə çevrilmiş terrorun inkişafının qarşısını ala bilmədi. Perovskayanın hərəkəti şübhəsiz ki, təqdir olunan deyildi. Amma yanlış olsa belə, öz əqidəsini müdafiə etmək əzmi, ideyaları uğrunda ölümə getməyi hörmətə layiq idi. Bəlkə də Lev Tolstoy onu “İdeoloji Janna dArk” adlandırmaqda haradasa haqlıydı…

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: