“Jobbik” ve Ramil Seferov.

“Jobbik” (“Daha yaxşı Macarıstan” kimi tərcümə olunur) Macarıstandakı müxalifət partiyalarından biridir. 2000-ci ilin əvvəllərində qurulan bu partiyanı Macarıstandakı digər partiyalardan fərqləndirən əsas cəhət millətçi və mühafizəkar xətt izləməsidir. Siyasi dünyagörüşləri seçki zamanı səsləndirdikləri şüarda da əks olunub “Macarıstan macarlarındi” deyə…

Bəziləri onları şovinist və faşist adlandırsa da, onlar özlərini sadəcə vətənpərvər hesab edirlər. Partiya təsis edildikdən sonra iştirak etdikləri ilk seçkilərdə qazandıqları uğur demək olar ki, sıfıra bərabər olsa da, 2010-cu ildəki seçkilərdə böyük uğura imza atıblar. Hal-hazırda 386 millət vəkilindən ibarət olan parlamentdə 47 nümayəndə ilə təmsil olunurlar. Eyni zamanda Macarıstanın 3-cü böyük partiyası statusunu qazanıblar. “Jobbik” Avropa Parlamentinə keçirilən seçkilərdə Avropanın Türkiyəni gözü götürməyən sağçı partiyaları ilə əməkdaşlıq etsə də, Türkiyəyə qarşı hər zaman fərqli mövqe nümayiş etdirib. Türkiyənin Avropa Birliyinə üzv olmasının tərəfdarı olan, hətta bunun zəruriliyi barəsində təkid edən “Jobbik” digər sağçı partiyalar tərəfindən qınaq hədəfinə çevrilib. “Jobbik”in sədri Gabor Vona mövqelərinə belə aydınlıq gətirir – “Türklərlə Macarlar eyni kökə mənsubdurlar. Biz Hunlarıq. Türklərə qarşı çıxmaq elə özümüzə qarşı çıxmaq deməkdir”.

Öz milli mənsubiyyətlərinə sadiq qaldıqları və sahib çıxdıqları üçün “Jobbik”i təqdir etməmək mümkün deyil. Amma onlar bununla da kifayətlənmirlər. Keçdiyimiz günlərdə məhz bu partiya Azərbaycandakı erməni işğalını qınayan və bir milyon azərbaycanlı qaçqının öz yurd-yuvalarına qayıtması üçün Ermənistana təzyiq edilməsini nəzərdə tutan qanun layihəsini Macarıstan parlamentində müzakirəyə çıxarıb. Bu barədə Türkiyəli jurnalistlərə məlumat verən ”Jobbik” partiyasının üzvü və Macar-Türk iş adamları cəmiyyətinin sədri Tamas Hegedus qanun layihəsinin yaxın günlərdə parlamentin xarici əlaqələr komissiyasında müzakirə ediləcəyini sonra isə təsdiq üçün parlamentə göndəriləcəyini bildirib. Xatırladaq ki, Macarıstan hal-hazırda Avropa Birliyinin sədridir və bu ölkənin parlamenti tərəfindən təsdiq edilən bir qanun layihəsinin digər Avropa ölkələri tərəfindən ciddi qarşılanacağı şəksizdir.

Etiraf edim ki, bu hadisə məni sevindirməkdən çox təlaşlandırır. Bu tarixi fürsəti düzgün dəyərləndirə bilməməkdən qorxuram. Çünki erməni diasporu da artıq fəaliyyətə keçib. Ramil Səfərovu ömürlük məhkum etdirən erməni diasporu macar hökumətinə təsir gücünə də malikdir. Fikrimcə, ən qısa zamanda Macarıstan parlamentində bir qrup millət vəkili Azərbaycana dəvət edilməlidir. Onlar kifayət qədər məlumatlandırılmalı və əgər ehtiyac varsa ortaq komissiya da qurulmalıdır. Macarıstan mətbuatında Qarabağın işğalı, Xocalı faciəsi haqqında silsilə yazılar dərc olunmalıdır… Əslində bu hadisə eyni zamanda bizim üçün bir dərsdir. Hər il Xocalı faciəsinin ildönümündə Türkiyənin bütün şəhərlərində təşkil edilən konfranslarda ermənilərin əleyhinə döşəyən millət vəkillərimiz, hökumət nümayəndələrimiz başa düşməlidirlər ki, təkcə Türkiyə ilə iş bitmir. Digər ölkələr və xüsusən də Macarıstan unudulmamalıdır. Çünki Macarıstan bizim üçün xüsusi bir önəmə malikdir…

“Jobbik”in irəli sürdüyü bu təşəbbüsü dəstəkləmək bizim borcumuzdur. Əlbəttə ki, bu qanun layihəsi Macarıstan parlamentində təsdiq olunsa belə, bu, Qarabağın azadlığı ilə nəticələnməyəcək. Amma bu qanunun qəbulu, dolayısı ilə “Jobbik” ilə qurulan isti münasibətlər dəmir barmaqlıqlar arxasında günlərini sayan, daha doğrusu saymayan Ramil Səfərovun azadlığı ilə nəticələnə bilər. Əminəm ki, bu partiyanın səyi və gücü nəticəsində Ramil Səfərovu azad edə, heç olmasa ömürlük həbsi aradan qaldıra bilərik. Çünki Qarabağın işğalını qınayan Ermənistanı soyqırımda ittiham edən bir hökumətin Ramil Səfərova haqq verməməsi mümkün deyil. Ümidvaram ki, XİN və Diaspora ilə iş üzrə komitə bu məsələdə maksimum səy göstərəcəklər.

  1. No trackbacks yet.

Cavab qoy